Akademik Heydər Hüseynov Azərbaycan tərcümə məktəbinin əsasını qoyub
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “Görkəmli Azərbaycan filosofu, akademik Heydər Hüseynovun anadan olmasının 110 illiyi” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin qafqazşünaslıq kafedrasının müdiri, professor Əsgər Zeynalov “Heydər Hüseynovun həyat və fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan tərcümə məktəbinin əsasını qoymuş H.Hüseynov 100-dən çox elmi məqalənin müəllifi olub. O, Nizami Gəncəvi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Füzuli və digər dahi şəxsiyyətlər haqqında ciddi tədqiqat işləri aparıb, Azərbaycan dilində ilk fəlsəfə dərslikləri hesab olunan “Dialektika və metafizika”, “Dialektik və tarixi materializm haqqında” kitablarını yazıb.
Baş müəllim Kəmalə Yusifova “Heydər Hüseynov məktəbinin yetirmələri” mövzusunda məruzəsində görkəmli alimin tarix və fəlsəfə elminin inkişafına böyük töhfələrindən bəhs edib, eyni zamanda, onun elmi fəaliyyətinin Azərbaycanda fəlsəfənin inkişafına güclü təkan verdiyini vurğulayıb.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi bildirib ki, akademik H.Hüseynov Azərbaycan sovet elminin parlaq nümayəndəsi olub. Mirzə Fətəli Axundzadə irsini tədqiq etmiş H.Hüseynovun filosof və tarixçilərin formalaşmasında böyük əhəmiyyət daşıyan məqalə və elmi təqdiqatların müəllifi olduğu bildirilib.