Akademik Hüseyn Əhmədovun 100 illiyinə həsr olunmuş konfrans
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qərbi Azərbaycan İcması, Azərbaycan Respublikasının Təhsil Şurası və ADPU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə akademik Hüseyn Əhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan təhsil və pedaqoji fikir tarixi” mövzusunda respublika elmi-praktik konfransın plenar iclası keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxışında akademik Hüseyn Əhmədovun Azərbaycan təhsilinin və pedaqoji elminin inkişafında mühüm xidmətlər göstərdiyini bildirib. Rektor qeyd edib ki, alimin elmi yaradıcılığı Azərbaycan təhsil tarixinin, pedaqoji fikir və maarifçilik ənənələrinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Akademik Hüseyn Əhmədovun elmi irsinin öyrənilməsi yalnız keçmiş pedaqoji təcrübənin tədqiqi deyil, həm də müasir təhsil proseslərinin elmi əsaslarla dərk edilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru dosent Rüfət Əzizov çıxışında Azərbaycan ali təhsil sisteminin inkişafında elmi ənənələrin və pedaqoji irsin roluna toxunub. R.Əzizov akademik Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyətinin Azərbaycan təhsil tarixinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib, görkəmli alimlərin irsinin tədqiqinin müxtəlif elm sahələri arasında əlaqələrin gücləndirilməsinə və təhsil elminin inkişafına xidmət etdiyini bildirib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı dosent Əziz Ələkbərli çıxışında Azərbaycan xalqının zəngin təhsil və maarifçilik ənənələrindən, milli pedaqoji fikrin formalaşmasında görkəmli ziyalıların rolundan danışıb. O, akademik Hüseyn Əhmədovun da bu istiqamətdə çoxillik elmi fəaliyyətinin mühüm yer tutduğunu qeyd edib.
Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov akademik Hüseyn Əhmədovun təhsil tarixinin və pedaqoji fikrin sistemli şəkildə tədqiqinə verdiyi töhfələrdən bəhs edib, onun əsərlərinin bu sahənin elmi mənzərəsinin formalaşdırılmasında rolunu qeyd edib.
Rusiya Təhsil Akademiyasının həqiqi üzvü, professor, akademik-katib Stanislav Lomov isə təhsil tarixinin öyrənilməsinin müasir pedaqoji elmin inkişafı üçün əhəmiyyətindən danışıb. O, akademik Hüseyn Əhmədovun elmi fəaliyyətinin Azərbaycan pedaqoji fikrinin tədqiqi ilə yanaşı, pedaqoji irsin gələcək nəsillərə ötürülməsi baxımından da diqqətəlayiq olduğunu bildirib.
Tədbirdə, həmçinin ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadə, ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri professor Hümeir Əhmədov çıxış ediblər.
Çıxışlarda akademik Hüseyn Əhmədovun Azərbaycan təhsil və pedaqoji fikir tarixinin öyrənilməsinə verdiyi töhfələr, onun çoxillik elmi-pedaqoji fəaliyyəti və zəngin elmi irsinin müasir tədqiqatlar baxımından əhəmiyyəti geniş müzakirə olunub.
Konfrans bölmə iclasları ilə davam edib.