Akademik Zərifə Əliyeva oftalmologiya elminə misilsiz töhfələr verib
Xırdalan, 26 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq -alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş elmi-praktik konfransda rayonun fəal qadınları iştirak edib.
AZƏRTAC xəbər verir ki, YAP rayon təşkilatının qadınlar şurasının sədri, Əməkdar Müəllim Təyyubə Hüseynova akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Zərifə xanımın həyat və fəaliyyəti Azərbaycan oftalmologiya elminin şərəfli səhifələrini əhatə edir. O, alim kimi elmə verdiyi töhfələri, səmimiliyi, vətəndaşlıq mövqeyi ilə hər zaman insanların qəlbində yaşayacaq.
Sonra Abşeron rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, Bakı Mühəndislik Universitetinin Qadınlar Şurasının sədri Ətrabə Gül, Abşeron Rayon Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova və digərlərinin məruzələri dinlənilib. Natiqlər Zərifə xanımın qayğıkeş ana, əsl insan kimi hər bir azərbaycanlı xanıma örnək olduğunu və elmi tədqiqatları ilə oftalmologiya elminə misilsiz töhfələr verdiyini vurğulayıblar.
Konfransda akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.