Aksiz markasız tütün məmulatlarının satışı hallarının qarşısı alınır
Bakı, 11 may, AZƏRTAC
Vergilər Nazirliyi pərakəndə ticarət müəssisələrində aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Bu barədə AZƏRTAC-a nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib.
Məlumata görə, bu yaxınlarda paytaxt ərazisində yerləşən, alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində ixtisaslaşdırılmış 15 ticarət obyektində vergi nəzarəti tədbirləri keçirilərək, qeyri-qanuni olaraq külli miqdarda aksiz markası ilə markalanmamış və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının aparılması faktları aşkar edilib.
Ölkəyə qeyri-qanuni yolla idxal olunan aksizsiz malların reallaşdırılması ilə məşğul olan cinayətkar qruplar geniş şəbəkə yaradaraq, ticarət şəbəkələrini belə məhsullarla təchiz etmək üçün məhsulların müxtəlif çatdırılma üsullarını yaradır, bu məhsulların satışı üçün köşklərdən istifadə edir, bir çox hallarda belə məhsulları ticarət şəbəkəsinin özündə deyil, yaxınlıqda saxlanılan nəqliyyat vasitələrində və gizli saxlanc nöqtələrində gizlədirlər.
İsti izlərlə aparılan əməliyyat tədbirləri nəticəsində ticarət şəbəkələrini saxta məhsullarla təchiz edən əsas saxlanc anbarlarından birinin yeri müəyyən edilib. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən B.Hüseynova məxsus fərdi yaşayış evində 40672 qutu aksiz markasız tütün məmulatları aşkar olunaraq götürülüb.
Bundan başqa, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Bakı şəhərinin Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələrində, eləcə də Xırdalan və Sumqayıt şəhərlərində aparılan müşahidələr zamanı əsasən avtobus dayanacaqlarındakı köşklərdə aksizsiz məhsulların satışının həyata keçirilməsi halları müəyyən edilib.
Müşahidələr əsasında yeri müəyyən edilmiş 29 ticarət obyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq külli miqdarda aksiz markası ilə markalanmamış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb. Həmin obyektlərdən aksiz markası olmayan 18500-dən çox tütün məmulatları aşkar edilərək götürülüb.
Faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1.1-ci (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə), 213-1.2.1 (eyni əməllər külli miqdarda törədildikdə), 213-1.2.3 (eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 213-1.4 (Bu Məcəllənin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin qərarı əsasında B.Hüseynov və onun ortağı Y.Əhmədov, ticarət köşkləri şəbəkəsinin sahibləri olan H.Məhyəddinov, T.Nəcəfov və A.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.
Aksiz markasız və saxta aksizli malların satışını həyata keçirən cinayətkar şəbəkənin ifşa olunması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.