Aktauda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Astana, 26 may, AZƏRTAC
Aktau şəhərində Azərbaycanın Baş konsulluğu tərəfindən 28 May - Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Baş konsul Ayxan Süleymanlı müsəlman şərqində ilk demokratik, dünyəvi respublikanın 108 il əvvəl Azərbaycanda yarandığını vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin neft strategiyası əsasında Azərbaycanın güclü iqtisadiyyata malik, özünü təmin edən müasir dövlətə çevrildiyini qeyd edib.
Baş konsul Azərbaycanın Qərb ilə Şərq arasında enerji və nəqliyyat dəhlizi rolunu oynadığını, mühüm logistik mərkəzə çevrildiyini, o cümlədən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunduğunu iştirakçılara çatdırıb.
Aktau şəhərinin meri Abilkair Baypakov Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edərək iki ölkə arasındakı strateji əlaqələrin ölkə rəhbərlərinin dəstəyi ilə daha da inkişaf etdiyini bildirib.
Tədbir zamanı kitab sərgisi, Azərbaycan və Qazaxıstanın milli rəqsləri, həmçinin konsert proqramı təşkil edilib.