Aktotı Raimkulova: Bugünkü simpozium ortaq tarixi irsin elmi əsaslarla araşdırılmasına töhfə verir
Bakı, 2 iyul, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 illiyi ötən ilin oktyabrında Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə dövlət başçıları səviyyəsində diqqət mərkəzində olub. Bu ilin mayında Türküstanda keçirilən qeyri-rəsmi Zirvə Görüşündə Prezident İlham Əliyev yubileyin əhəmiyyətini bir daha vurğulayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpoziumunda çıxışı zamanı söyləyib.
Professor Aktotı Raimkulova bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondunun əsas məqsədi türk xalqlarının ortaq mədəni və mənəvi irsinin qorunması, tədqiqi və gələcək nəsillərə çatdırılmasıdır. Bugünkü simpozium ortaq tarixi irsin elmi əsaslarla araşdırılmasına və Türk dünyasının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir.
Aktotı Raimkulova Azərbaycan Milli Elmlər Akademiyası, xüsusən AMEA-nın Folklor İnstitutu ilə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq, bu tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələrin hər iki qurum üçün mühüm nəticələr verdiyini bildirib. O, türk xalqlarının qəhrəmanlıq dastanlarını əhatə edən “Türk folklor irsi” antologiyasını əməkdaşlığın uğurlu nümunələrindən biri kimi dəyərləndirib.
Çıxışında Fondun Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə həyata keçirdiyi layihələrdən də bəhs edən professor Aktotı Raimkulova bildirib ki, Milli Azərbaycan Tarixi Muzeyində “Bakı 1926: Dil, Fikir, Birlik” sərgisi təşkil olunub, akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və filologiya üzrə fəlsəfə doktoru Aysel Qəriblinin müəllifi olduqları “Birinci Türkoloji Qurultay” adlı fundamental elmi monoqrafiya üç dildə nəşr edilib. Kitabın təqdimatları Qazaxıstanın Milli Kitabxanasında və Türk Dünyası Həftəsi çərçivəsində Fondun mənzil-qərargahında keçirilib.
O, həmçinin Almatıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərginin açıldığını, Əl-Fərabi adına Qazax Milli Universitetində keçirilən beynəlxalq türkoloji konfransın həmtəşkilatçılarından birinin də Türk Mədəniyyəti və İrsi Fondu olduğunu diqqətə çatdırıb.
Sonda Aktotı Raimkulova beynəlxalq elmi simpoziumun Türk dünyasının ortaq tarixi, dili və mədəni irsi ilə bağlı elmi əməkdaşlığın daha da genişlənməsinə, yeni layihələrin və tərəfdaşlıqların formalaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib.