Ali Məhkəmə Plenumunun iclası keçirilir
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, Plenum Ali Məhkəmənin bir illik fəaliyyətinə həsr olunub.
Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirib ki, Vətən müharibəsində möhtəşəm Qələbədən sonra ölkəmizdə postmüharibə dövründə bərpa və quruculuq işləri, bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar vüsət alıb.
Bu da 30 ildən artıq müddətdə öz evlərindən didərgin düşmüş soydaşlarımızın tez bir zamanda öz evlərinə qayıtmalarını sürətləndirir.
Diqqətə çatdırılıb ki, bu il Ali Məhkəmənin yaradılmasının 100 illik yubileyi tamam olur. Bu münasibətlə Ali Məhkəmə ötən ilin noyabrından etibarən silsilə tədbirlər həyata keçirir. O cümlədən ötən həftə Bakıda 20 ölkənin Ali Məhkəmə sədrlərindən və digər rəsmilərdən ibarət nümayəndə heyətinin qatıldığı beynəlxalq konfrans keçirilib. Konfransa qatılan ölkələrin nümayəndələri vahid məhkəmə təcrübəsinin formalaşdırımasında öz ölkələrinin müsbət təcrübələrini paylaşıblar. Bütün bu müsbət təcrübələr Ali Məhkəmənin Aparatı tərəfindən təhlil olunaraq gələcəkdə Ali Məhkəmədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması işində tətbiqi nəzərdə tutulur.
Plenumda Ali Məhkəmənin Kollegiya sədrlərinin 2022-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinləniləcək.
Plenumda Ali Məhkəmənin 2023-cü ilə dair iş planı təsdiq ediləcək.
Plenumda, həmçinin konkret işlərə baxılacaq.