ALİ MƏHKƏMƏNİN PLENUMU OLMUŞDUR
Südabə Həsənovanın sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdir. Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin, Ədliyyə Nazirliyinin, Respublika Prokurorluğunun məsul şəxslərinin iştirak etdiyi plenumda “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” məsələ müzakirə olunmuşdur.
Ali Məhkəmədən AZƏRTAC-a bildirmişlər ki, bu məsələ ilə bağlı Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə məruzə, Apellyasiya Məhkəməsinin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının sədri Şahin Yusifov, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi sədrinin müavini Əli Seyfəliyev, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsi sədrinin müavini Ağamalı Qafarov və başqaları çıxış etmişlər. Onlar insanın həyatının və sağlamlığının qorunmasının dövlətin ali məqsədlərindən biri olduğunu, insanın azadlıq hüququnun və təhlükəsiz yaşamaq hüququnun Konstitusiyanın 27-ci və 31-ci maddələrində öz əksini tapdığını, buna görə də qəsdən adamöldürmə cinayətlərinin ən ağır cinayətlərdən biri hesab edildiyini bildirmiş, bu növ cinayətlər üzrə qanunların düzgün tətbiq olunmasının vacibliyindən danışmışlar. Qeyd olunmuşdur ki, bu növ işlərə baxılarkən məhkəmələr tərəfindən qanunlar əsasən düzgün tətbiq edilir. Lakin bəzən qanun pozuntularına da yol verilir.
Plenum qəsdən adamöldürmə işləri üzrə qanunların məhkəmələr tərəfindən dürüst və eyni cür başa düşülməsini, bu növ cinayətləri törətməkdə təqsirli bilinən şəxslərin qanuna müvafiq surətdə cəzalandrılmasını təmin etmək məqsədi ilə qərar qəbul etmişdir.
Bundan başqa, plenum “Azərbaycan Respublikası hakimlərinin Əxlaq Kodeksi haqqında (məhkəmə-hüquq şurası ilə birgə)” məsələni də müzakirə etmişdir. Bu barədə Ali Məhkəmənin hakimi Rafiq Məmmədovun məruzəsi dinlənilmişdir.
Plenum hakim Müzəffər Ağazadənin məruzəsi üzrə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi gedişində yeni qanunvericilik aktlarının qəbul olunması ilə əlaqədar Ali Məhkəmə plenumunun əvvəllər qəbul etdiyi bir sıra qərarlarını qüvvədən düşmüş hesab etmiş və bu barədə müvafiq qərar çıxarmışdır.
Plenumda ayrı-ayrı işlər üzrə verilmiş əlavə kassasiya şikayətlərinə də baxılmışdır. Müzakirə olunan məsələlər və işlər barədə müvafiq qərarlar qəbul edilmişdir.