CƏMİYYƏT
Ali Məhkəmənin sədri Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu ifadə edən Ramiz Rzayev zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə başda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyə xalqına dərin minnətdarlıq edib. Ali Məhkəmənin sədri bu dəstəyin ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinin real həyatda təcəssümü olduğunu vurğulayıb.
Azərbaycan ilə Türkiyə arasında işgüzar əlaqələrin və dostluq münasibətlərinin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemləri arasında uğurlu və davamlı inkişafından məmnunluğunu ifadə edən Ali Məhkəmənin sədri ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Ramiz Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı mütərəqqi qanunvericilik aktlarını, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən islahatları, hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırılmasını, məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edilməsini diqqətə çatdırıb.
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin yüksək qonaqpərvərliyə görə nümayəndə heyətinin adından təşəkkürünü bildirib, Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm qələbə münasibətilə təbriklərini ifadə edərək şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və cansağlığı diləyib.
Nümayəndə heyətinin rəhbəri ölkəmizin müasir tələblərə cavab verən qanunvericilik bazasını yüksək dəyərləndirib, Türkiyədə Ali Məhkəmənin və prokurorluğun fəaliyyəti barədə ətraflı məlumat verib.
Dərin tarixi köklərə malik əlaqələrimizin yüksək səviyyə olduğunu qeyd edən qonaq Azərbaycanın hərtərəfli dinamik inkişafını, məhkəmə-hüquq sistemində aparılan islahatları və əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib.
Görüşün sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə və prokurorluq orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə və həmçinin əhəmiyyətli görüşə görə Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinə və nümayəndə heyətinin üzvlərinə təşəkkür edərək, onlara gələcək uğurlar arzulayıb.
Türkiyəli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıblar. Bəkir Şahin muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.