Alimlər Saturn planeti halqalarının əmələ gəlməsinin yeni nəzəriyyəsi üzrə işləyirlər
Bakı, 15 dekabr (AZƏRTAC). “Nature” jurnalında dərc olunmuş elmi məqalədə bildirilir ki, Saturnun halqalarının əmələ gəlməsinə dair yeni nəzəriyyə ilk dəfə olaraq planetin müasir peyklərinin xüsusiyyətlərini və “Kassini” kosmik tədqiqat stansiyasının son müşahidələrini izah etməyə imkan vermişdir.
Nəzəriyyənin müəllifi ABŞ-dakı Cənub-Qərb Tədqiqat İnstitu kosmik tədqiqatlar şöbəsinin rəhbərlərindən biri Robin Kanupdur. İlk dəfə Saturnın halqaları XVI əsrdə aşkar edilmişdir. Lakin indiyədək astronomların həmin halqaların təbiəti və müasir quruluşu barədə nəzəriyyəsi yox idi. Alimlər üçün 90 faizi su buzlarından ibarət halqaların kimyəvi tərkibi mürəkkəb sirr olaraq qalırdı. Yeni nəzəriyyə halqaların kimyəvi tərkibini aşkar etməyə imkan verir. Kanupun hesablamalarına görə, Günəş sistemində təxminən 4,5 milyard il bundan əvvəl Saturn yarandıqdan sonra onun ətrafında hər biri Ay planetindən 1,5 dəfə böyük olan bir neçə iri peyk fırlanırdı. Qravitasiya təsiri nəticəsində həmin peyklər bir-birinin ardınca Saturn tərəfindən udulmuşdur. İlkin peyklərdən bu gün yalnız Titan qalmışdır. Peyklər dağıldıqdan sonra buz tərkibi Kosmosda qalmış, səma cisimlərinin ağır mineral komponentləri isə planet tərəfindən udulmuşdur. Sonralar su buzları Saturn planetinin başqa peyklərinin qravitasiyası ilə hərəkət etmiş və bu sikl dəfələrlə təkrar olunmuşdur. Bərk mineral nüvəsi olan nəhəng buz şara bənzər peyklər Saturn planeti tərəfindən udulduqdan sonra həmin planetin ətrafında buz bulud əmələ gəlirdi. Hər birinin diametri bir kilometrdən 50 kilometrə çatan həmin buludlar Saturn planetinin ilkin halqasıını yaratmışdır. İlkin halqa kütləsinə görə müasir halqalar sistemindən min dəfə böyük olmuşdur. Lakin 4,5 milyard il müddətində buz buludlarının toqquşması onların parçalanması ilə nəticələnmiş və onların əksəriyyəti Saturn tərəfindən udulmuşdur.
Bu nəzəriyyə Saturnun müasir peyklərinin, xüsusən tamamilə buzdan ibarət Tetis peykinin təbiətini izah etməyə imkan verir.