Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 462 milyon dollarlıq razılaşmalar əldə edib
Astana, 23 iyun, AZƏRTAC
Brüsseldə “Qazaxıstan ilə Avropa İttifaqının əlaqəsinin gücləndirilməsi: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun perspektivləri və strateji potensialı” mövzusunda beynəlxalq biznes konfransı keçirilib.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolları” (KTZ) SC-yə istinadla xəbər verir ki, tədbir Orta Dəhlizin inkişaf perspektivlərinin müzakirəsi üçün bu il ən iri beynəlxalq platformalardan birinə çevrilib. Konfransda dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının və Avropanın aparıcı nəqliyyat-logistika şirkətlərinin 100-dən çox nümayəndəsi iştirak edib.
Tədbirin nəticəsi olaraq Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına yönəlmiş ümumi dəyəri 462 milyon ABŞ dolları olan dörd razılaşma əldə olunub.
Razılaşmalar çərçivəsində SITA ilə Qazaxıstan Nəqliyyat Nazirliyi arasında dövlət hava limanlarının biometrik identifikasiya da daxil olmaqla rəqəmsallaşdırılması üzrə əməkdaşlıq memorandumu imzalanıb. Eyni zamanda “KazAvtoZhol” SC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında “Aktobe – Ulqaysın” layihəsi üzrə kredit sazişi bağlanıb.
“Qazaxıstan Dəmir Yolları”nın törəmə şirkəti “KTZ Express” isə “Midia Marine Terminal” ilə Rumıniyanın Midiya limanında birgə layihənin icrasına dair saziş imzalayıb. Layihənin Qara dənizdə marşrutun infrastruktur imkanlarını genişləndirməsi və yük emalının səmərəliliyini artırması gözlənilir.
Bundan başqa, “KTZ Express” və “A.P. Moller – Maersk” arasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner daşımalarının inkişafı və əlavə yük axınlarının cəlb edilməsi ilə bağlı razılaşmalar əldə olunub.
Konfransda Avropa Komissiyası, Avropa Parlamenti, AYİB, Avropa İnvestisiya Bankı və “DHL Global Forwarding”, “HHLA International”, “Rhenus”, “Hellmann Worldwide Logistics”, “Ahlers Logistics” və “A.P. Moller – Maersk” kimi aparıcı şirkətlərin nümayəndələri iştirak ediblər.
Qazaxıstan Dəmir Yolları İdarə Heyətinin sədri Talqat Aldıbergenov çıxışında ölkənin nəqliyyat infrastrukturunun və beynəlxalq terminal şəbəkəsinin genişləndirilməsi planlarını təqdim edərək Orta Dəhliz üzrə daşımaların artırılmasının əhəmiyyətini vurğulayıb.
Konfransın nəticələri Avropa tərəfdaşlarının Orta Dəhlizin inkişafının sürətləndirilməsinə maraqlı olduğunu bir daha təsdiqləyib.