ELM VƏ TƏHSİL
Alimlər “superböcək” bakteriyasına qarşı yeni antibiotik hazırlayıblar
Bakı, 16 fevral, AZƏRTAC
Amerikalı tədqiqatçılar “superböcək” bakteriyasına qarşı daha təsirli olan yeni antibiotik hazırlayıblar.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, yeni preparat dərmanlara davamlı bakteriya ştamlarına qarşı təsirlidir, lakin onun insanlarda effektivliyini tam müəyyən etmək üçün əlavə sınaqlara ehtiyac var.
“Kresomisin” adlanan sintetik antibiotik dərmanlara davamlı “Staphylococcus aureus”, “Escherichia coli” və “Pseudomonas aeruginosa” kimi bakteriyalara qarşı müsbət nəticə göstərir. Bunlardan ikisi Ümumdünya Səhiyyə Təşkilatının yeni antibiotiklərə “təcili ehtiyac duyulan” prioritet patogenlər siyahısına daxil edilib. Bakteriya, virus və ya mikrobların dərmanlara qarşı davamlılığı Avropa İttifaqında ildə 35 mindən çox insanın ölümünə səbəb olan ictimai sağlamlıq təhlükələrindən biri sayılır.
“Kresomisinin” və onun kimi dərmanların təhlükəsizliyi və effektivliyi hələ tam tədqiq olunmasa da, nəticələrimiz kliniki təsdiqlənmiş antibiotiklərlə müqayisədə ştamlara qarşı daha çox fayda verə biləcəyini göstərir”, - deyə araşdırmaya rəhbərlik edən Harvard Universitetinin professoru Endru Myers bildirib.
Tədqiqatın həmmüəllifi Ben Tresko yeni antibakterial maddələrin kəşfinin mikroblardan bir addım önə keçmək üçün çox vacib olduğunu qeyd edib.