ALKOQOLLU İÇKİLƏRİN QANUNSUZ İSTEHSALI FAKTLARI AŞKAR EDİLMİŞDİR
Vergi orqanları tərəfindən son günlər operativ nəzarət qaydasında keçirilən reydlər zamanı bir neçə şəxsin kustar üsulla, qeyri-qanuni yolla alkoqollu içkilər istehsal edib satdığı aşkar edilmişdir.
Vergilər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a daxil olmuş məlumatda qeyd edilir ki, 14 nömrəli Ərazi Vergilər İdarəsinin operativ nəzarət şöbəsi əməkdaşlarının Ağstafa rayonunun Dağkəsəmən kəndində keçirdikləri reyd zamanı kənd sakini Xavər Kərimovanın həyətində alkoqollu içkilərin qanunsuz istehsalı faktı aşkar edilmişdir. Araşdırma zamanı X.Kərimovanın əvvəllər də qeyri-qanuni sahibkarlıqla məşğul olduğu aşkar edilmişdir. X.Kərimovanın həyətində araq qablaşdırmaq üçün xüsusi qurğu , hazır etiketlər, şüşələr və aksiz markaları, "Alko LTD" firmasına məxsus əmtəə nişanlı 120 şüşə hazır "Pşeniçnaya vodka" arağı, bu ad altında hazırlanmış daha 120 şüşə araq və qapaqlar, Xanlar Aqrar-Sənaye Kombinatına məxsus 168 ədəd "Russkaya vodka"nın etiketi, şüşələrə bağlamaq üçün 100 ədəd "qalstuk", 28 ədəd qapaq, 6 litr etil spirti, qapaqları bağlamaq üçün xüsusi qurğu və 58 ədəd aksiz markası aşkar olunmuşdur.
Yerli vergi orqanlarının həyata keçirdiyi operativ tədbirlər nəticəsində Xaçmaz şəhərində şəxsi təsərrüfatında saxta araq istehsal edən daha iki nəfər - Dağıstan küçəsi 16 mənzil 2-də yaşayan Muradov Eldar Sirac oğlu və D.Bünyadzadə küçəsində yaşayan Novruzəliyev Elçin Abdullabağı oğlunun, eləcədə Tərtər rayonu Qaraqoyunlu kənd sakini Nəsirov Zöhrab Ələkbər oğlunun qanunsuz spirtli içkilər istehsal etdikləri də müəyyənləşdirilmişdir.
Mingəçevir sakini, şəhər daxili işlər idarəsinin əməkdaşı, polis kapitanı Mahmudov Famil Musa oğluna məxsus mənzildə də kustar üsulla saxta araq hazırlandığı aşkarlanmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, polis kapitanının həyətində onun həmyerlisi Yusifov Şəmsəddin Rasəddin oğlu qanunsuz sahibkarlıqla məşğul olaraq kustar üsulla araq hazırlayırmış. Vergi işçiləri bu şəxslərdən çoxlu sayda spirtli içki, müxtəlif araq növlərinin etiketi, qapaqları və saxta aksiz markaları, bu qapaqları bağlamaq üçün xüsusi aparat aşkar etmişlər.
Vergilər Nazirliyi sahibkarlıqla məşğul olan şəxslərə bir daha xəbərdarlıq edir ki, vergi orqanları onların bu əməllərinə qarşı bundan sonra da qanunun tələblərinə uyğun olaraq ciddi mübarizə aparacaqdır.