CƏMİYYƏT
Alman alimləri “omikron”un yeni alt növünün sürətlə yayılması barədə xəbərdarlıq edirlər
Berlin, 17 iyun, AZƏRTAC
Alman virusoloqları “omikron”un alt növü olan koronavirusun yeni BA.5 variantının tədqiqini davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, Robert Kox İnstitutunun laboratoriyasının alimləri bu alt növün əlavə narahatlığa səbəb ola biləcəyi qənaətinə gəliblər. Məsələ ondadır ki, “omikron”un bu və digər alt növləri xüsusilə yaşlı nəsil arasında sürətlə yayılmaqda davam edir. Onların xəstədən sağlam insana ötürülməsi sürəti "delta" ilə müqayisədə daha yüksəkdir. Virosoloqlar yayın sonuna doğru yoluxma hallarının sayının artacağı barədə xəbərdarlıq ediblər.
Onlar hesab edirlər ki, BA.4 və BA.5 alt növləri tezliklə yoluxma hallarının əksəriyyətinə səbəb ola bilər. BA.5 variantı artıq yeni yoluxma hallarının on faizini təşkil edir.
Onu da nəzərə almaq lazımdır ki, zaman keçdikcə koronavirusdan vaksinlərlə qorunma zəifləyir, çünki orqanizmdə anticisimlərin səviyyəsi azalır. Həmin vəziyyət koronavirus infeksiyasını keçirən insanlara da aiddir. Hətta peyvənd olunmuş və sağalmış şəxslər də “omikron”un yeni alt növlərinə qarşı optimal müdafiəyə malik deyillər və yenidən yoluxa bilərlər.
Bununla belə, xəstəxanaya yerləşdirmə və ölüm hallarının azaldığını da qeyd etmək lazımdır. Məsələ ondadır ki, milyonlarla insan artıq peyvənd olunub və onlarda anticisimlər yaranıb. Hazırda ümumi immunitet pandemiyanın başlanğıcı ilə müqayisədə daha yüksəkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin