ALMANİYA – AZƏRBAYCAN FORUMUNUN İDARƏ HEYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR
Xatırladaq ki,1966-cı ildə təsis olunmuş AAF bir neçə ildən bəri fəaliyyətinə ara vermişdi. Cari ilin iyun ayının 26-da Forumun işinin canlandırılması məqsədilə AR-nın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə Berlində qurumun üzvlərinin növbəti toplantısı keçirilmiş və iclasda 14 il Almaniya Bundestaqının üzvü olmuş Helmut Kolun başçılıq etdiyi federal hökumətdə dövlət katibi vəzifəsini tutmuş Otto Hauzerin sədrliyi altında Forumun yeni idarə heyəti seçilmişdir.
Forumun fəaliyyət proqramının əsas qayəsi Azərbaycanla Almaniya arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə öz töhfəsini vermək, Almaniyada Azərbaycanı daha geniş təbliğ etməkdir.
Dekabrın 15-də keçirilən iclasda Forumun cari ildə gördüyü işlər, o cümlədən oktyabr ayında Almaniyada keçirilən Azərbaycan mədəniyyət və elm ongünlüyünün təşkilinə dəstək, Almaniya KİV-ləri ilə iş, yenicə açılmış internet səhifəsi (www.da – forum.net) və digər məsələlər müzakirə olunmuş, 2007-ci ildə mədəniyyət, tələbə mübadiləsi, ali məktəblər arasında əməkdaşlıq, ümumi təbliğat və digər sahələrdə görüləcək işlər barədə yekdil razılığa gəlinmişdir. İclasda Forumun 2008-ci ildə Almaniyada keçirilməsi nəzərdə tutulan “Azərbaycan mədəniyyəti ili” tədbirinə hazırlıq işlərində yaxından iştirakı qərara alınmışdır.
İclasda AR-nın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri, AAF-nun sədr müavini Pərviz Şahbazov çıxış etmiş, Forumun 2007-ci ildəki işinə dair təklif və tövsiyələrini bildirmişdir.