Almaniya ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın 20 illiyi qeyd olunmuşdur
Bakı, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində Almaniya ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) nümayəndəsi Henninq Tvesten, Almaniyanın KfW Bankının (Almaniya İnkişaf Bankı) əməkdaşı xanım Regina Şnayder və bankın regional meneceri Filip fon Şveren çıxış edərək Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulamışlar.
Bildirilmişdir ki, Azərbaycan ilə iqtisadi əməkdaşlıqda bazar iqtisadiyyatı və özəl sektorun neft və qaz sektorundan kənar dəstəklənməsi daima ön planda olmuşdur.
Tədbirdə çıxış edən Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel Azərbaycan-Almaniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını, iki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin, aparılan danışıqların, eləcə də keçirilən biznes forum və işgüzar görüşlərin əhəmiyyətini vurğulamışdır.
Son illər Bakıda aparılanı böyük quruculuq işlərini xüsusi vurğulayan səfir demişdir ki, biz hər zaman birgə layihələri reallaşmasına maraqlıyıq və bu işə öz dəstəyimizi göstərməyə hazırıq.
Tədbirdə məktəblilər arasında keçirilmiş Almaniya-Azərbaycan iş birliyinin 20-ci ildönümünə həsr edilmiş fotomüsabiqənin qalibləri mükafatlandırılmışlar.
Tədbir musiqi proqramı ilə davam etdirilmişdir.