ALMATIDA BEŞİNCİ AVRASİYA MEDİA FORUMU KEÇİRİLİR
Azərbaycanı bu forumda ölkəmizin Qazaxıstandakı səfiri Lətif Qəndilov, “Xəzər” və “Kaspi” qəzetlərinin baş redaktoru İslam Atakişiyev, “Obozrevatel” qəzetinin redaktoru Gülnarə Məmmədova təmsil edirlər.
Forumun açılışında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakçılara ünvanlanmış təbriki oxunmuşdur. Təbrikdə deyilir: “Qazaxıstan regional və qlobal təhlükəsizliyin möhkəmlənməsinə bundan sonra da öz töhfəsini verəcəkdir. Avrasiya Media Forumunda jurnalistlərin iştirakı ilə müasir dünyada mədəniyyətlərarası, dinlərarası, həmçinin millətlərarası problemlərin indiki vəziyyəti geniş təhlil edilir, bundan çıxış yolları axtarılır. Artıq beşinci dəfədir ki, Almatıda keçirilən forumda ancaq jurnalistikanın deyil, bütün dünyanın aktual problemləri ilə bağlı fikir mübadiləsi aparılır”.
Avrasiya Media Forumu Təşkilat komitəsinin sədri, Qazaxıstan parlamentinin deputatı Dariqa Nazarbayeva forum iştirakçılarını salamlamışdır.
Forumun birinci günü “Dünyanın iqtisadi xəritəsində Çin Xalq Respublikası, Hindistan və Mərkəzi Asiya ölkələrinin artan rolu”, “İran İslam Respublikasının xarici siyasəti və son dövrdə qızışan nüvə problemləri”, “İctimai televiziya: köhnə modellər və zamanın yeni çağırışları”, “Televiziyanın inkişafı və beynəlxalq məlumat-informasiya kanalları inkişafın yeni dalğası” və digər mövzularda müzakirələr aparılmışdır.
Forum öz işini davam etdirir.