A.MASLYAKOV: ŞHK OYUN DEYİL, HƏYAT TƏRZİDİR
“Şən və hazırcavablar” Beynəlxalq Klubunun prezidenti Aleksandr Maslyakov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, ŞHK-nın xeyli yaşı var. Lakin bu oyun gənc və istedadlı nəsillərin fasiləsiz dəyişməsi ilə cəlbedicidir. ŞHK televiziya oyunu kimi yaranmışdır və 45 il televiziya verilişi üçün böyük vaxtdır. Hətta yubiley şənliyimizdə iştirak edən Rusiya Prezidenti V.Putin də vurğulamışdır ki, bu, dünya televiziya təcrübəsində görünməmiş haldır. Biz bununla başqalarından fərqləndiyimizə görə çox şadıq. ŞHK oyun deyil, həyat tərzidir.
Aleksandr Maslyakov bildirmişdir ki, Yuli Qusmanın və Anar Məmmədxanovun komandalarındakı bakılı oğlanlar onun xatirində çox parlaq, dinamik və hazırcavab adamlar kimi qalmışlar. Maslyakov demişdir: Bir komandada birləşəndə, onlarla yarışmaq çox çətin idi. Biz hətta 10 ən populyar və yaxşı ŞHK komandasının turnirini keçirəndə belə, “Bakılı oğlanlar” yarışı parlaq qələbə ilə başa vurdular. Bakılı ŞHK-çilərin Beynəlxalq ŞHK İttifaqında xüsusi, müqəddəs yeri var və indi onu doldurmaq gərəkdir. Yaxşı yumor hissi olan gənclər hər yerdə yetişir və bu ənənəni davam etdirmək lazımdır.
Milli Məclisin deputatı, “Bakılı oğlanlar” komandasının sabiq kapitanı Anar Məmmədxanov xatırlatmışdır ki, Bakının ŞHK komandası 1967 və 1970-ci illərdə, daha sonra 1992-93-cü illərdə çempion olmuş, 1995-ci ildə Superkubok qazanmış, 2000-ci ildə isə əsrin çempionu adına layiq görülmüşdür. O demişdir: Mən çox şadam ki, Bakı komandası bir vaxtlar belə uğurlar qazanmışdır, lakin bununla belə, yeni ŞHK komandasının yaradılması zərurəti var. Komandalar var, lakin onları təşkil etmək və Bakıda bu ənənəni dirçəltmək lazımdır. Beşillik fasilədən sonra əsas vəzifə istedadlı gəncləri bir araya gətirib, digər klublar arasında layiqli yer tuta biləcək əsil komanda yaratmaqdır.