AMEA əməkdaşları III beynəlxalq Məhməd Akif Ərsoy Simpoziumunda iştirak ediblər
Bakı, 2 noyabr, AZƏRTAC
Türkiyənin Burdur şəhərində Məhməd Akif Ərsoy Universitetinin təşkilatçılığı ilə İstiqlal marşının qəbulunun 100 illiyinə həsr olunmuş III Beynəlxalq Məhməd Akif Ərsoy Simpoziumu keçirilib. Simpoziumda AMEA-nın müxtəlif institutlarının əməkdaşları iştirak ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, beynəlxalq tədbirdə akademiyanın AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin Elmi planlaşdırma və monitorinq şöbəsinin müdiri Vüsal Zülfüqarov “Mehmet Akif Ersoy Azərbaycan elmi mühitində”, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin aparıcı mütəxəssisi Aqil Məhərrəmov “Milli mübarizə şairi Məhməd Akif Ərsoyun Azərbaycan ədəbiyyatına təsiri” mövzularında məruzələrlə çıxış ediblər. Simpoziumda, həmçinin Folklor İnstitutunun əməkdaşları Xəzangül Məmmədova “İstiqlal Marşının müəllifi Məhməd Akif Ərsoyun şəxsiyyəti, şeirlərində mübarizə və Qurtuluş Savaşının əks olunması”, Vaqif Orucov “Məhməd Akif Ərsoy və milli mübarizə”, Tahir Orucov “Məhməd Akif Ərsoy: həyatı, yaradıcılığı və onun ölümsüz istiqlal marşı”, Ədəbiyyat İnstitutundan Salidə Şərifova “Azərbaycan ədəbiyyatında marş növünün inkişaf özəllikləri”, Mərziyyə Nəcəfova “Müstəqillik dövrü ədəbiyyatımızda marşlar”, Könül Hacıyeva “İstiklal marşı dövrünün ədəbi simaları və Atatürk”, Eşqanə Babayeva “Məhməd Akif Ərsoy Azərbaycan ədəbiyyatında” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlar maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.
Tədbirdə 25 ölkədən 150-dən çox alim və mütəxəssis iştirak edib.