AMEA-nın Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir
Bakı, 14 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə institutun direktoru, professor Nazim Məmmədov Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini, onların elmi və ictimai-siyasi fəaliyyətlərinin dəyərləndirildiyini söyləmişdir. Direktor institutda çalışan gənclərin fəaliyyətindən danışaraq onların daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü, dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə gənclərin fəal iştirak etdiyini nəzərə çatdırmışdır. Bildirmişdir ki, hazırda institutda 140-a yaxın gənc kadr fəaliyyət göstərir.
İclasın gündəliyinə müvafiq olaraq institutun yeni yaradılacaq Gənc Alim və Mütəxəssislər Şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilmişlər.
Tərkibi 9 nəfərdən ibarət olan şuranın sədri Suma Hüseynova, katibi Şəhla Əliyeva, sədr müavini isə Xuraman Xəlilova seçilmişlər.
Sonda institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Cavad Abdinov və elmi katib, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov yeni seçilmiş namizədləri təbrik etmiş, tövsiyələrini bildirmişlər.