Amerikada çıxan “The Herald” qəzeti: Zəngilanın işğalından iyirmi il keçir
Vaşinqton, 30 oktyabr (AZƏRTAC). Amerikada çıxan “The Herald” qəzetində “Zəngilanın işğalından iyirmi il keçir” sərlövhəli məqalə dərc edilmişdir. Azərbaycanın ABŞ-dakı səfirliyi adından təqdim edilən məqalədə Cənubi Qafqaz respublikalarının müstəqilliyi elan edilən gündən Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal olunmasından, habelə azərbaycanlı əhalinin Azərbaycanın Qarabağ regionundan və Ermənistandan qovulmasından bəhs edilir.
Qəzetdə 1993-cü il oktyabrın 20-da işğal edilmiş Zəngilan rayonu haqqında statistik məlumatlar dərc edilmişdir. Məqalədə qeyd edilir ki, münaqişənin gedişində 1991-1994-cü illərdə Zəngilan sakinlərindən 188 nəfəri qətlə yetirilmiş, 44 nəfər itkin düşmüş, qalan əhali doğma yurdundan qovulmuşdur. Erməni silahlı qüvvələri işğal etdikləri yeddi rayonda etnik təmizləmə aparırdılar. Zəngilan bu rayonlardan sonuncusu olmuşdur.
Ermənistan silahlı qüvvələri 1992-ci ilin may ayında Laçın rayonunu, 1993-cü ilin əvvəlində isə Azərbaycanın Dağlıq Qarabağ regionuna bitişik 5 rayonu işğal etmişlər. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonu, həmin ilin iyul ayında Ağdam, avqust ayında Cəbrayıl, Qubadlı və Füzuli rayonları, oktyabr ayında Zəngilan rayonu işğal ediləndən sonra BMT Təhlükəsizlik Şurası Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, onun beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən, Azərbaycan Respublikasının bütün regionlarından işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul etmişdir. Lakin ATƏT-in Minsk qrupu prosesi çərçivəsində aparılan danışıqlara baxmayaraq, bu qətnamələrin heç biri yerinə yetirilməmişdir.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində bu nüfuzlu beynəlxalq orqanla sədrlik etdiyi və planetin müxtəlif hissələrində sülhün qorunmasına öz töhfələrini verdiyi bir vaxtda Azərbaycan xalqı Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsi prosesinə beynəlxalq birliyin daha fəal qoşulmasını gözləyir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton