AMERİKALI CAZMEN BAKIDA KONSERT VERMİŞDİR
Aprelin 9-da Bakı Caz Mərkəzində amerikalı cazmen Dan Tepferin konserti olmuşdur. ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil olunan konsertin sponsoru Azərbaycanın “Qarant sığorta” şirkətidir.
Nyu-Yorkda yaşayan pianoçu-bəstəkar Dan Tepfer musiqiyə yeni yanaşma tərzi, klassika ilə cazın sintezindən ibarət ifalarına görə məşhurdur. Dan Tepfer bir çox beynəlxalq müsabiqələrin laureatıdır.
Məşhur ifaçının Bakı Caz Mərkəzindəki çıxışı alqışlarla qarşılanmışdır. Konsert başa çatdıqdan sonra pianoçu-cazmen AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycanın dünya şöhrətli musiqiçisi Vaqif Mustafazadənin yaradıcılığını yüksək qiymətləndirdiyini bildirmiş, onun məharətlə etdiyi muğamla cazın sintezini dinləmək və öyrənmək istəyindən danışmışdır. Cazmen Azərbaycana gəlişindən məmnunluğunu və buradakı cazsevərlərin onun ifasından razı qalmasından qürur duyduğunu da diqqətə çatdırmışdır. Qonaq səfər proqramının zəngin olduğunu söyləmiş və bildirmişdir ki, burada olduğu müddətdə Milli Konservatoriyada ustad dərsləri keçəcək, öz təcrübəsini tələbələrlə bölüşəcəkdir.
Aprelin 10-da amerikalı cazmen Bakıdan Türkiyəyə yola düşəcəkdir.
