ANA SÜDÜ KÖRPƏNİN HƏYATINI XİLAS EDİR
Açılış mərasimində YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hana Singer Beynəlxalq Kodeksin əhəmiyyətindən danışmış, bu sənədin ölkədə tətbiq olunmasının zəruriliyini vurğulamışdır. O, Kodeksin 1981-ci ildə Dünya Səhiyyə Təşkilatı (WHO), YUNİSEF, qeyri-hökumət təşkilatları və körpələr üçün qida məhsulu sənayesinin istehsalçıları tərəfindən təsdiq edildiyini bildirmişdir. Natiq yararsız qida məhsulu istehsalının dayandırılmasının, ana südü ilə qidalandırmanın artırılmasının vacibliyini qeyd etmişdir. Hana Singer statistik hesablamalara əsaslanaraq bildirmişdir ki, yeni doğulmuş körpə ilk altı ay müddətində yalnız ana südü ilə qidalandırılarsa, hər il 1,5 milyona qədər körpənin həyatı xilas edilmiş olar.
Milli Məclisin deputatı Məlahət Həsənova Beynəlxalq Kodeksin müddəalarına əsasən, süni qidalanma məhsullarının marketinqinin tənzimlənməsində səhiyyə işçilərinin, dövlət və QHT nümayəndələrinin rolundan danışmış, bu sənədin müddəalarının milli qanunvericilikdə öz əksini tapmasının vacibliyini vurğulamışdır.
İyulun 14-nə qədər davam edəcək kurslarda ölkədə süni qidalanma məhsullarının marketinqi sahəsində Beynəlxalq Kodeksin həyata keçirilməsindən, ana südü ilə qidalandırmanın əhəmiyyətindən danışılacaqdır.