ANAMA: Gəncə şəhərində iki top mərmisi aşkarlanıb
Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 26-da saat 12:08-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhərinin Nizami rayonunun Ə.Nəzmi küçəsində iki mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin mobil əməliyyat və kinoloji qruplarının, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin və Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və polis əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. ANAMA-nın mütəxəssislərinin apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 122 millimetrlik iki ədəd top mərmisi (OF-56-1) aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin tapıldığı yerin ətrafında 150 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.