ANAMA-nın mütəxəssisləri Bakıda taxıl kombinatının ərazisində raket və gilizlər aşkarlayıblar
Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 26-da saat 17:23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 18:11-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Nərimanov rayonundakı taxıl kombinatının ərazisində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Nərimanov Rayon Polis İdarəsinin, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
ANAMA-nın mütəxəssislərinin, Nərimanov Rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 140 millimetrlik M-14 raketi, iki ədəd boş giliz və bir ədəd PQ-9 raketinin boş mühərrik hissəsi aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Tapıntıların ətrafında 800 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.