Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında akademik əməkdaşlıq müqaviləsi imzalanıb
Naxçıvan, 14 iyul, AZƏRTAC
Türkiyə Cümhuriyyətinin Ankara şəhərində Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında akademik sahədə əməkdaşlıq protokolu imzalanıb.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin görüşündə hər iki ölkə arasında qardaşlıq münasibətlərinə toxunulub. Təhsil sahəsində əməkdaşlığın perspektivlərinə diqqəti çəkən rektorlar birgə protokolun əhəmiyyətindən danışıblar.
Necdet Ünüvar dünya universitetləri ilə əməkdaşlıqlarında Azərbaycan universitetlərinin xüsusi payı olduğunu vurğulayıb. NDU ilə əməkdaşlığın tədqiqat işlərinə töhfə verəcəyinə inandığını deyən rektor tədqiqat fəaliyyətləri olmadan təhsilin inkişafının mümkünsüz olduğunu qeyd edib. Magistr və doktorantura proqramları sahəsində də əməkdaşlığın perspektivləri haqında danışan Necdet Ünüvar gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsinin də mümkün olacağını bildirib.
NDU-nun rektoru Elbrus İsayev qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağı dünyanın 130-dan çox ölkəsinin universitetləri ilə əməkdaşlığa malikdir. Rektor bildirib ki, əməkdaşlıq etdikləri Türkiyənin 80-dən çox ali təhsil ocağı sırasında Ankara Universitetinin xüsusi yeri var. Elbrus İsayev akademik və tələbə mübadiləsi proqramları ilə bu əlaqələrin daha da genişləndiriləcəyinə inandığını bildirib.
Çıxışlardan sonra rektorlar Ankara Universiteti ilə NDU arasında akademik sahədə əməkdaşlıq protokolunu imzalayıblar.
Qeyd edək ki, protokolda tərəflərin akademik və elmi mövzulardakı fəaliyyətlərində bir-birinin imkan və təcrübələrindən faydalanacağı, elmi məqsədlər daxilində professor-müəllim mübadiləsi, dərs, müşavirə, tədqiqat və oxşar fəaliyyətlər nəzərdə tutulub. Bundan başqa, sənəddə tədris və tədqiqat məqsədilə kitab, elmi nəşrlər və oxşar materialların qarşılıqlı mübadiləsi aparılması, birgə tədqiqat layihələrin reallaşdırılması və elmi yığıncaqların keçirilməsi öz əksini tapıb.