Ankarada azərbaycanlı gənc həkimlərin və tibb sahəsində təhsil alan tələbələrin forumu keçirilir
İstanbul, 13 oktyabr (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyi (AZERDER) və Ankara Universiteti tibb fakültəsinin təşkilatçılığı ilə Ankarada “Nümunəvi həkim olmağa doğru” mövzusunda azərbaycanlı gənc həkimlərin və tibb sahəsində təhsil alan tələbələrin 3-cü Türkiyə Forumu keçirilir.
Forum iştirakçıları Ankarada ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkı və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət etmişlər.
Forumun açılışında ulu öndərlər Heydər Əliyev, Mustafa Kamal Atatürkün və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, iki qardaş ölkənin dövlət himnləri səslənmişdir.
Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Necdet Ünüvar, Hacettepe Universitetinin rektoru Murat Tuncer, AZERDER-in baş katibi Atəş Nəbiyev, Ankara Universiteti tibb fakültəsinin dekanı Şahsuvar Ertürk və ümumi cərrahiyyə kafedrasının müdiri Semih Baskan çıxış edərək forumun əhəmiyyəti, ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlıqdan bəhs etmişlər.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun gənc həkimlərimizə müraciətinin mətni oxunmuşdur.
Sonra, Forum öz işini elmi sessiyalarda davam etdirmişdir.
Türkiyə və Azərbaycandan olan alimlər tibb elminin müxtəlif sahələrinə dair məruzələrlə çıxış edirlər.
Oqtay Bayramov,
AZƏRTAC-ın xüsusi müxbiri,
İstanbul