Aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini dünyaya göstərdi
Bakı, 10 aprel, AZƏRTAC
Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev çıxış edərək Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı parlaq qələbənin əhəmiyyətindən, Ermənistan ordusunun ağır məğlubiyyətə uğramasından danışıblar. Bildirilib ki, bu döyüşlərinin ən böyük tarixi əhəmiyyəti qələbə sayəsində Böyük Qayıdışa start verilməsi olub. Lələ təpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırılıb. Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun tarixi ərazilərimizin işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya göstərdi.
Sonra Aprel döyüşlərində iştirak etmiş qazilərimiz bu tarixi hadisənin əhəmiyyəti barədə danışıb, xatirələrini bölüşüblər.