APRELİN 3-Ü SUMQAYIT ÜÇÜN ƏLAMƏTDAR GÜNDÜR
Həmin gündən Sumqayıtda mərhələlərlə həyata keçirilən əsaslı dəyişikliklər onların zəruriliyini və aktuallığını bir daha təsdiq edir. Bütün bunlar şəhərin mənəvi-psixoloji ab-havasına müsbət təsir göstərmişdir. Sumqayıtlılar ölkənin iqtisadi inkişafına öz töhfələrini verir, şəhərlərini abadlaşdırırlar. Onların fikrincə, sumqayıtlılar üçün yeni dövr məhz 2003-cü il aprelin 3-də başlanmışdır. Ona görə də hər il aprelin 3-də şəhər sakinlərinin bir çoxu Bakıya, Fəxri xiyabana gələrək, dahi azərbaycanlı, böyük dövlət xadimi və ictimai xadim, Prezident Heydər Əliyevin xatirəsini yad edirlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sumqayıtlıların nümayəndə heyəti bu il də Fəxri xiyabana gəlmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoymuş və al qızılgüllər düzmüşlər.
Sonra dahi rəhbərin Sumqayıtın mərkəzində ucaldılmış abidəsi önünə də çiçək dəstələri qoyulmuşdur.
Həmin gün kimyaçıların Üzeyir Hacıbəyov adına Mədəniyyət Sarayında şəhər fəallarının yığıncağı keçirilmişdir.
Yığıncaqdan əvvəl iştirakçılar foyedə açılmış böyük sərgidə şəhərin Tarix muzeyinin materiallarından ibarət ekspozisiya ilə tanış olmuşlar. Burada, həmçinin, 50-dən çox dövlət müəssisəsi və özəl müəssisə müxtəlif sahələrdə qazandığı nailiyyətləri nümayiş etdirirdi.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev demişdir ki, Sumqayıt daim Heydər Əliyevin diqqət mərkəzində olmuş, onun xüsusi qayğısı ilə əhatə olunmuşdur.
Şəhərin rəhbəri sumqayıtlıların qazandıqları nailiyyətlərdən danışmış, bunu təsdiq edən bir sıra rəqəmlər gətirmişdir. Təkcə onu demək kifayətdir ki, sənaye məhsulunun həcmi 7,7 faiz artaraq, 1 trilyon manatdan artıq olmuşdur. Bu, ölkənin müstəqilliyi dövründə əldə edilmiş rekord göstəricidir. Daha bir mühüm rəqəm – 3 il ərzində şəhərə qoyulan sərmayələrin həcmi 1 trilyon manatı keçmişdir.
Şəhərin xarici görkəmi də dəyişmişdir. Küçələr əsaslı təmir edilmiş, təhsil, tibb müəssisələrinin və mənzil fondunun maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Əhalinin su, qaz və işıqla təchizatının yaxşılaşdırılması sahəsində böyük işlər görülmüşdür.
Sumqayıtlılar əmindirlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı şəhər iqtisadiyyatının daha da irəliləməsinə imkan yaradacaqdır. Bu il dövlətimizin başçısı İlham Əliyevin şəxsi göstərişi və iştirakı ilə 506 meqavat gücündə buxar-qaz qurğusunun tikintisinin təməli qoyulmuşdur. Bu qurğunun işə salınması ilə şəhərin enerji təchizatı xeyli yaxşılaşacaqdır. Çirkli sənaye sularının zərərsizləşdirilməsi üçün 200 min kubmetr gücündə təmizləyici qurğunun tikintisi də nəzərdə tutulmuşdur. Bu da Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binasının tikintisi sürətlə davam etdirilir, şəhərdə yeni orta məktəb kompleksi inşa olunur.
Sonra yerli teleşirkətin yaradıcı kollektivinin çəkdiyi “3 aprel səhəri” sənədli filmi ilk dəfə nümayiş etdirilmişdir.
Axşam isə mədəniyyət sarayının qarşısındakı meydanda Azərbaycan incəsənət ustalarının “Lider” teleşirkəti ilə birgə təşkil edilmiş konserti olmuşdur. Konserti “Lider” telekanalı canlı yayımlamışdır.