AQRAR SAHƏDƏ FRANSA-AZƏRBAYCAN ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İsmət Abasov qonağı yeni təyinatı münasibətilə təbrik etmiş, ona diplomatik fəaliyyətində uğurlar arzulamışdır. Nazir vurğulamışdır ki, təməli ümummilli liderimiz Heydər Əliyev və Fransanın sabiq prezidenti Fransua Mitteran tərəfindən qoyulmuş dostluq əlaqələri bu gün ölkələrimizin rəhbərləri - İlham Əliyev və Jak Şirak tərəfindən uğurla davam və inkişaf etdirilir.
İsmət Abasov Azərbaycanın aqrar-sənaye kompleksinin inkişafına Fransanın köməyini yüksək qiymətləndirmişdir. O, Avropa Komissiyası və bu ölkənin Kənd Təsərrüfatı, Ərzaq, Balıqçılıq və Kənd Rayonlarının İşləri Nazirliyinin Azərbaycanın Dövlət Baytarlıq Xidmətinə üç layihədən ibarət proqram çərçivəsində yardımını, 2003-cü ildən bəri Fransa səfirliyinin dəstəyi və Luare Kənd Təsərrüfatı Palatası ilə Quba Regional Aqrar Elm Mərkəzi (RAEM) tərəfindən reallaşdırılan Frazer layihəsini xatırlatmışdır. Məlumat vermişdir ki, proqram və layihə sayəsində 18 rayon baytarlıq idarəsində, 8 baytarlıq laboratoriyasında əsaslı təmir işləri aparılmış, 2 laboratoriya tikilmişdir. Fransadan Qubaya 20 minə yaxın virussuz calaqaltı material gətirilmişdir. Rayonda bir özəl tingçilik təsərrüfatı yaradılmışdır. Tinglərin əkin sahəsini 6 hektara, ting istehsalını 1 milyon ədədə çatdırmaq nəzərdə tutulmuşdur. Quba RAEM-də torpaq və bitki analizi laboratoriyası üçün Fransa tərəfinin hesabına 1 Plazmalı Spektrometr alınıb quraşdırılmışdır. 2005-ci ilin sonunda Fransadan 3 buğda sortu gətirilərək, Elmi Tədqiqat Əkinçilik İnstitutunda birgə tədqiqat aparılır. Fransız texnologiyası üzrə 4,5 hektar sahədə pilot meyvə bağı salınmışdır. Cari ildə 50 min ədəd yeni sortun əkin materialı - tingləri yetişdiriləcək və həmin texnologiya üzrə yeni meyvə bağları salınacaq, 4 mütəxəssis Fransaya təcrübə mübadiləsinə göndəriləcəkdir.
Nazir həmin layihənin müddətinin daha üç il uzadılmasını təklif etmiş, Fransa iş adamlarının aqrar sahəyə, xüsusilə şərabçılıq sahəsinə sərmayə qoymasını məqsədəuyğun saymış, dost ölkə şərabçılarının böyük təcrübəsinin Azərbaycanda bu sahənin inkişafına təkan verəcəyinə inandığını vurğulamışdır.
Səfir səmimi qəbul və xoş sözlər üçün minnətdarlığını bildirmiş və əmin etmişdir ki, Azərbaycanda olduğu müddətdə ölkələrimiz arasında dostluğun və əməkdaşlığın daha da inkişafı üçün səyini əsirgəməyəcəkdir.