İQTİSADİYYAT
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının maliyyə reytinqi müəyyən edilib
Bakı,16 oktyabr, AZƏRTAC
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatında növbəti bir yeniliyə imza atılıb. Kredit təşkilatının idarə heyətinin qərarına əsasən, bu qurumun maliyyə vəziyyətinin reytinqi müəyyən edilməsi üçün reytinq təşkilatlarına müraciət olunub.
Təşkilatdan AZƏRTAC-a verilən məlumata görə, reytinqin dünyada böyük nüfuza malik olan və baş ofisi İtaliyanın Milan şəhərində yerləşən “MicroFinanza Rating” şirkəti tərəfindən keçirilməsi qərara alınıb.
“MicroFinanza Rating” şirkəti son illərdə Şərqi Avropa və MDB dövlətlərində bir sıra mikromaliyyə təşkilatlarının maliyyə reytinqini müəyyən etmək üçün təhlil aparıb və onlara reytinq səviyyəsi barədə müvafiq hesabat təqdim edib. Qeyd olunan reytinq şirkəti 2015-ci ilin may ayının sonundan iyul ayınadək “Aqrarkredit” Səhmdar Kredit Təşkilatında maliyyə və əməliyyat məlumatlarının təhlilini həyata keçirib. “MicroFinanza Rating” şirkəti tərəfindən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatında toplanmış məlumatların təhlilinin nəticələrinə əsasən, kredit təşkilatının maliyyə səviyyəsi yaxşı qiymətləndirilib.
“MicroFinanza Rating” şirkəti tərəfindən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına təqdim edilmiş sertifikata əsasən “Aqrarkredit”in bank olmayan kredit təşkilatı mikromaliyyə institutu kimi reytinqi “BB-“, proqnozu isə “Stabil” müəyyən edilib.
Şirkətin yekun rəyinə əsasən kredit təşkilatının fəaliyyəti aşağıdakı kimi qiymətləndirilir: “Aqrarkredit” Səhmdar Kredit Təşkilatında risklərin idarəedilməsində adekvat bacarıq var. Bu bacarıq əməliyyat və iqtisadi şərtlərin pisləşməsi zamanı mühüm təsir gücünə malikdir. Adekvat təməl və adekvat müştəri mühafizəsi sistemi var.
Reytinq təşkilatının təqdim etdiyi rəydə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının maliyyə reytinqinin bütün əhəmiyyətli aspektlər baxımından müsbət olduğu qeyd olunub.