28 May - Müstəqillik Günü Niderland Krallığında qeyd edilib
Haaqa, 29 may, AZƏRTAC
Azərbaycanın Niderland Krallığındakı Səfirliyində 28 May - Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, qəbulda Niderlandda akkreditə olunmuş diplomatik korpus və QHT-lərin nümayəndələri, biznes dairələrinin, eləcə də Azərbaycan və Türkiyə diaspor üzvləri, elm xadimləri, mətbuat nümayəndələri iştirak ediblər.
Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev Xalq Cümhuriyyətinin tarixindən, onun cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycanın müstəqil dövlətçiliyinin formalaşmasında əsaslı təsirindən, müsəlman dünyası tarixində ilk dəfə olaraq qadınlara seçmək hüququ verilməsindən danışıb:
“1991-ci ilin oktyabrında Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bütün geosiyasi proeseslərə, müharibə və münaqişələrə, təcavüz və işğala baxmayaraq, Azərbaycan öz ərazisində sabitlik və firavanlığa, regionda sülh və əmin-amanlığa, daha geniş beynəlxalq səviyyədə əməkdaşlığa nail olmaq üçün səy göstərirdi. Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xarici siyasi əlaqələr inkişaf etdirilib.
Səfir bildirib ki, Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadi və investisiya qüvvəsi kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət kəsb edir:
“Regional səviyyədə bizim əsas prioritetlərimizdən biri Ermənistanla sülh prosesidir. Hazırda Ermənistanla sülh müqaviləsi, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması üzərində iş gedir. Əsas prioritetlərimiz işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, 750 min azərbaycanlı məcburi köçkünün öz evlərinə və kəndlərinə təhlükəsiz qayıtması üçün şəraitin yaradılmasıdır. Yenidənqurma layihələrinə 7 milyard avrodan çox sərmayə qoyulub və bu, 5400 məcburi köçkünün geri qayıtmasına şərait yaradıb”,- deyə səfir azad olunmuş torpaqlarımızda gedən quruculuq işlərindən söz açıb.
O, Azərbaycan ərazilərinin minalarla çirklənməsindən söz açaraq, minatəmizləmə məsələsinə xüsusi diqqət çəkib.
Qlobal problemlərə diqqəti çəkən səfir ölkəmizdə həyata keçirilən yaşıl enerji layihələrindən danışıb. Coğrafiyasından, ölçüsündən və ya iqtisadi statusundan asılı olmayaraq, bütün səslərin eşidildiyi və hörmət olunduğu bir mühit yaratmağın, ölkələrin emissiyaların azaldılmasına nail olmaq üçün bir-birlərinə kömək etmək öhdəliklərini təsdiqləyəcəkləri platforma təmin etməyin vacibliyini vurğulayıb.