AQTA: Ölkəmizdə xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması statusunun rəsmiləşdirilməsi gözlənilir
Bakı, 15 may, AZƏRTAC
Son illər ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar, görülən işlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin olunması ilə yanaşı, bu məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını da genişləndirib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2024” və 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgilərinin açılış mərasimində deyib.
O vurğulayıb ki, bu ayın sonunda Parisdə keçiriləcək Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələri Assambleyasının Ali Baş Sessiyasında ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması statusunun rəsmiləşdirilməsi və xüsusi sertifikatın təqdim edilməsi gözlənilir.
“Qida təhlükəsizliyi sahəsində nəzarət və tənzimləmə sisteminin daha da təkmilləşdirilməsi, biotəhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər, həmçinin idxal-ixrac əməliyyatları zamanı nəzarətin beynəlxalq standartlara uyğun tənzimlənməsi bu istiqamətdə öz müsbət nəticəsini göstərməkdədir. Bütün bunlar qida sahəsində fəaliyyət göstərən subyektlərin öz fəaliyyətlərini beynəlxalq standartlara uyğunlaşdırması, istehsal olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərini yaxşılaşdırması ilə mümkün olub. Beynəlxalq ticarət qaydalarına əsasən, heyvan və heyvan mənşəli məhsulların ixracı yalnız heyvan xəstəliklərinin mövcud olmadığı ölkələrdən və ya sağlamlıq statusu əldə etmiş regionlardan həyata keçirilir ki, bu istiqamətdə də müvafiq tədbirlər görülüb”, - deyə Q.Təhməzli bildirib.
O qeyd edib ki, Afrika taunu xəstəliyindən ölkəmizin azad olması barədə illik hesabat Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən qəbul olunub və Azərbaycan 2024-cü il üzrə sözügedən xəstəlikdən azad ölkələr siyahısına daxil edilib: “Ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olmasının təsdiqlənməsi üçün hesabat hazırlanıb və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Təşkilatın Elm Komissiyası tərəfindən ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə kimi tanınma tələblərinə cavab verməsi təsdiq edilib”.