ARDNŞ-DƏ ÇALIŞAN 52 NƏFƏRƏ PEŞƏKAR FƏHLƏ KADRLARI SERTİFİKATI VERİLMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin (TTSD) Təlim, Tədris Mərkəzində şirkətin müəssisə və təşkilatlarında çalışan kadrların peşə təhsilinin səviyyəsinin artırılması, fəhlələrin peşə ustalığının yüksəldilməsi, ikinci peşəyə yiyələnmə, mühəndis-texniki işçilərin ixtisaslarının artırılması və kadr hazırlığı həyata keçirilir.
Bu məqsədlə 2007-2008-ci tədris ilində müəssisələrdən gələn sifarişlərə əsasən təsdiq edilmiş tədris proqramlarına və dərs cədvəllərinə uyğun olaraq TTSD-nin Təlim, Tədris Mərkəzində 6 ixtisas-texnoloji qurğuların operatoru, kompressor maşinisti, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə montyor, elektrik-qaz qaynaqçısı, texnoloji qurğuların və nasosların təmiri üzrə çilingər ixtisasları üzrə ötən il oktyabrın 1-dən başlanmış dərslər yekunlaşmışdır.
Bu il mayın 22-də nəzəri hissə üzrə yekun test imtahanları keçirilmişdir. Bundan sonra tədris planına əsasən, müdavimlər mayın 26-dan iyulun 25-dək müvafiq idarələrdə istehsalat təcrübəsində olmuşlar.
Bu kurslarda təhsil alan 52 nəfər iyulun 31-də Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin Təlim, Tədris Mərkəzində buraxılış imtahanı verərək, seçdikləri ixtisas üzrə sertifikat almışdır. İmtahan zamanı yüksək nəticə göstərən 2 nəfərə isə beynəlxalq sertifikatın verilməsi nəzərdə tutulmuşdur.
Həmin kadrlar ARDNŞ-in Kompleks Qazma İşləri Tresti, Qaz Əməliyyatları İdarəsi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, “Azərneftyağ” Neft Emalı Zavodu və “Neftqaztikinti” Trestindən gələn sifarişlərə əsasən hazırlanmışdır.