ARDNŞ-də növbəti qanvermə kampaniyasına başlanılmışdır
Bakı, 7 oktyabr (AZƏRTAC). Artıq 4 ildir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası ilə bağlı reallaşdırılan kampaniyalarda xüsusi fəallıq göstərir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şirkət bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsünə birincilər sırasında qoşulmuşdur. Şirkətin hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım göstərilməsi sahəsində “Savab Dünyası” Talassemiya Assosiasiyası və B.Eyvazov adına Elmi-tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əməkdaşlıq çərçivəsində 2009-cu ildə 3 min, 2010-cu ildə 5 min, 2011-ci ildə 4.500, 2012-ci ildə 4.400 nəfərə yaxın neftçi qanvermə aksiyalarında iştirak etmişdir.
Oktyabrın 7-də ARDNŞ-də talassemiyalı uşaqlara yardım məqsədi ilə növbəti könüllü qanvermə kampaniyasına başlanılmışdır. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu və “Savab Dünyası” Talassemiya Assosiasiyası ilə birgə hazırlanmış cədvələ uyğun olaraq ARDNŞ-in bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə çalışan 7 min nəfərdən artıq əməkdaşın kampaniyada könüllü iştirakı nəzərdə tutulur.
Oktyabrın 7-də ARDNŞ-in 100-ə yaxın əməkdaşı növbəti qanvermə aksiyasında iştirak etmişdir. Aksiyanın, ümumilikdə, 2014-cü ilin aprel ayınadək davam edəcəyi və bu kampaniyada şirkətin bütün idarə və müəssisələrinin əhatə olunacağı nəzərdə tutulmuşdur.