ARDNŞ-DƏ TÜRKMƏNİSTAN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Dövlət Neft Şirkətində (ARDNŞ) Türkmənistan Prezidenti yanında Neft-Qaz Ehtiyatlarının İdarə və İstifadə Edilməsi üzrə Dövlət Agentliyinin direktoru Bayram Muradovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Qonaqları səmimi salamlayan ARDNŞ prezidenti Rövnəq Abdullayev görüşün çox əlamətdar bir vaxta təsadüf etdiyini, Prezident İlham Əliyevin bu ilin sentyabrında Bakı şəhərində “Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası” Beynəlxalq konfransının keçirilməsi haqqında Sərəncam imzaladığını bildirmişdir. Konfransın enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edən ARDNŞ-in rəhbəri ötən ay Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinin uğurla başa çatdığını, səfərin iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə qaldırdığını və belə bir müştərək konfransın keçirilməsi üçün münbit şərait yaratdığını bildirmişdir. R.Abdullayev adıçəkilən konfransın böyük beynəlxalq maraq doğurduğunu da vurğulamışdır.
Xoş sözlərə görə təşəkkürünü bildirən Bayram Muradov konfransın təşkili barədə bu günlərdə Türkmənistan Prezidenti tərəfindən də Sərəncamın imzalandığını vurğulayaraq, müvafiq işçi qrupunun yaradıldığını demişdir. O, Türkmənistan-Azərbaycan birgə enerji konfransının Bakıda keçirilməsini yüksək qiymətləndirərək, bunu Azərbaycan qonaqpərvərliyinin bariz nümunəsi kimi dəyərləndirmişdir.
Azərbaycanda Xəzər neft-qaz sərgi-konfransının 15 il ərzində keçirildiyini və bu ayın əvvəlində yubiley konfransının da uğurla başa çatdığını qeyd edən Rövnəq Abdullayev bu əhəmiyyətli tədbirdə enerji məsələləri ilə məşğul olan bütün mötəbər beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyini nəzərə çatdırmışdır. Belə tədbirlərin keçirilməsində istər ARDNŞ-in, istərsə də onun xarici tərəfdaşlarının böyük təcrübə qazandığını vurğulayan R.Abdullayev sentyabrda Bakıda keçiriləcək müştərək konfransın da yüksək səviyyədə təşkil olunacağını bildirmişdir.
Tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Görüşdə Türkmənistan xarici işlər nazirinin müavini, Türkmənistan Prezidenti yanında Xəzər dənizi işləri üzrə Dövlət Müəssisəsinin sədri Xoşgəldi Babayev də iştirak etmişdir.