ARDNŞ “MAKDERMOT KASPİAN KONTRAKTORZ İNK.” ŞİRKƏTİ İLƏ MÜQAVİLƏ İMZALAMIŞDIR
Qonaqları salamlayan R.Abdullayev ARDNŞ-in “MakDermot” şirkəti ilə əməkdaşlığından məmnunluğunu bildirmişdir. Səmimi sözlərə görə ARDNŞ prezidentinə təşəkkürünü bildirən R.Dison təmsil etdiyi şirkətin ötən dövr ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin layihələrinin yerinə yetirilməsində mühüm nailiyyətlər əldə etdiyini bildirmişdir. ARDNŞ-lə əməkdaşlığı bundan sonra da genişləndirmək niyyətində olduqlarını söyləyən qonaq, sualtı qaz xətlərinin çəkilişi layihəsinin “MakDermot” şirkətinə həvalə edildiyinə görə R.Abdullayevə minnətdarlığını bildirmiş və layihənin uğurla həyata keçiriləcəyini söyləmişdir. “Qurban Abbasov” gəmisinin modernləşdirilməsi məsələsinə toxunan Robert Dison, bu layihə üzrə büdcənin artıq təsdiq olunduğunu və lazımi vəsaitin ayrıldığını söyləmişdir. Görüşdə “MakDermot” şirkətinin rəhbərliyində yerli əməkdaşların sayının artırılması, şirkətin Azərbaycandan kənarda həyata keçirdiyi layihələrdə azərbaycanlı mütəxəssislərdən istifadə olunması məsələlərinə də toxunulmuşdur.
Görüşün sonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “MakDermot” şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağı üçün qaz kəmərlərinin çəkilişi üzrə müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən, “MakDermot” şirkəti “Günəşli” yatağındakı 4 saylı dərin dəniz özülündən “Neft Daşları” yatağındakı qaz-kompressor stansiyasınadək 18,4 kilometr uzunluğunda aşağıtəzyiqli qaz kəmərinin inşasını həyata keçirəcəkdir. Bundan başqa, “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündən “Neft Daşları”ndakı qaztoplama məntəqəsinədək dənizin 123 metrədək olan dərinliyində 24,5 kilometrlik yüksəktəzyiqli qaz kəmərinin də çəkilişi nəzərdə tutulub. Görüləcək işlərin sırasına birləşdirici boru hissələrinin və dik boruların quraşdırılması, həmçinin, boru kəmərlərinin istismarqabağı sazlanması da daxildir.