Arıçılıqda uğur düsturu: ABAD-ın dəstəyi və fərdi zəhmət bir arada VİDEO
Masallı, 11 fevral, İlkin Adıyev, AZƏRTAC
Masallı rayonu kənd təsərrüfatının ənənəvi sahələri ilə seçilən bölgələrdəndir. Bu rayonda arıçılıq illərdir həm ailə təsərrüfatı, həm də gəlir mənbəyi kimi qorunub saxlanılır. Son illər dövlətin ailə bizneslərinə göstərdiyi dəstək isə bu sahənin daha da inkişaf etməsinə şərait yaradıb. Belə nümunələrdən biri də Masallıda arıçılıqla məşğul olan Yolbəyi Məhərrəmovun təsərrüfatıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda onun təsərrüfatında 50-yə yaxın arı ailəsi saxlanılır. Yolbəyi Məhərrəmov yalnız bal istehsalı ilə kifayətlənmir, eyni zamanda, ana arıların yetişdirilməsi ilə də məşğuldur. Bu, təsərrüfatın davamlı inkişafını təmin etməklə yanaşı, istehsalın həcminin artırılmasına və gəlirin yüksəlməsinə də şərait yaradır.
Arıçılığın incəliklərindən danışan Yolbəyi Məhərrəmov bildirir ki, bu sahədə əsas amil səbir və təbiətlə düzgün ünsiyyətdir: “Arı ilə işləmək tələskənliyi qəbul etmir. Onun vaxtını, mövsümünü, ehtiyacını bilməlisən. Arıya düzgün qulluq etsən, o da səni yarı yolda qoymaz”.
Həmsöhbətimiz Masallı rayonunda ABAD – Ailə Biznesinə Asan Dəstək Mərkəzi ilə əməkdaşlıq edən ilk arıçılardan biridir. O, 2017-ci ildə ABAD-a müraciət edib və müraciəti müsbət cavablandırılıb. Həmin vaxtdan etibarən onun istehsal etdiyi bal və digər arıçılıq məhsulları ABAD-ın dəstəyi ilə satışa çıxarılır.
Arıçı deyir ki, ABAD ilə əməkdaşlıq onun işini xeyli asanlaşdırıb və daha çox istehsala diqqət ayırmasına şərait yaradıb: “Sənədləşmə, vergi, satış kimi işlərin hamısını ABAD həyata keçirir. Mənim işim arılara baxmaq, onları inkişaf etdirmək və keyfiyyətli bal istehsal etməkdir. Bu da bizə stabil və yaxşı gəlir gətirir”.
Onun sözlərinə görə, məhsulların ABAD vasitəsilə bazara çıxarılması satış imkanlarını genişləndirib və istehlakçıların etimadını artırıb. Hazırda onun istehsal etdiyi məhsullar ABAD brendi altında satışa təqdim olunur.
Arıçı gələcək planlarından da danışıb. Bildirib ki, arı ailələrinin sayını artırmaq, ana arı yetişdirilməsini genişləndirmək və təsərrüfatı daha da böyütmək niyyətindədir: “Əsas məqsədim bu işi daha da böyütmək, gənclərə arıçılığı sevdirmək və bu sahənin Masallıda inkişafına töhfə verməkdir”.
Qeyd edək ki, ABAD-ın belə ailə təsərrüfatlarına dəstəyi həm yerli istehsalın artmasına, həm də regionda məşğulluğun təmin olunmasına mühüm töhfə verir.