“İnnovasiya” İşçi qrupunun növbəti iclası keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
“İnnovasiya” İşçi qrupuna daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.2-ci Məqsədi: “Yaradıcı və İnnovativ Cəmiyyət” üzrə tədbirlərinin 2025-ci il üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) apardığı monitorinq və qiymətləndirmənin nəticələri müzakirə edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, qarşıya qoyulan vəzifələrin vaxtında və yüksək keyfiyyətlə icrası istiqamətində təklif və tövsiyələr səsləndirilib. Eyni zamanda, həmin Strategiyanın icra müddətinin son ili olduğunu nəzərə alaraq, icrası tamamlanmamış tədbirlərin 2026-cı ilin sonunadək yekunlaşdırılmasına dair tapşırıqlar verilib.
Məlumat üçün bildiririk ki, 2025-ci il üzrə İİTKM tərəfindən aparılan monitorinq və qiymətləndirmənin operativ nəticələrinə əsasən tədbirlər üzrə ilkin və aralıq nəticə indikatorların icra göstəriciləri müvafiq olaraq 80 faiz və 75 faiz təşkil edib.
Bununla yanaşı, “Azərbaycan Respublikasının 2022 – 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” tədbirlərinin tam və vaxtında icrasının təmin edilməsi, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 12 iyun tarixli 487s nömrəli Sərəncamı ilə müxtəlif İşçi qrupları, o cümlədən Strategiyanın 3.2-ci Məqsədinin yerinə yetirilməsi istiqamətində “İnnovasiya” İşçi qrupu yaradılıb.
“İnnovasiya” İşçi qrupuna rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov sədrlik edir və İşçi qrupda İİTKM, İqtisadiyyat, Elm və Təhsil, Xarici İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Müdafiə Sənayesi, Kənd Təsərrüfatı, Mədəniyyət və Energetika nazirlikləri, həmçinin Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi və AMEA-nın rəhbər şəxsləri təmsil olunurlar.