Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycanın səhiyyə naziri Teymur Musayev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ticarət Palatasının üzvləri ilə görüş keçirib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə ABŞ arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər səhiyyə sisteminin modernləşdirilməsi, innovativ tibbi texnologiyaların tətbiqi, əczaçılıq sənayesində və tibb təhsili istiqamətində əməkdaşlıq mövzularına toxunublar.
Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, səhiyyə sahəsinə insan kapitalının gücləndirilməsi və rəqəmsallaşdırma istiqamətində görülən işlər barədə məlumat verilib. Teymur Musayev beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cenifer Mil Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, səhiyyə və əczaçılıq sahələrində ABŞ şirkətlərinin təcrübə və texnologiyalarının paylaşılmasının mümkünlüyünü qeyd edib.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.