Naxçıvan Sənaye Parkının təqdim etdiyi biznes imkanları sahibkarların diqqətinə çatdırılıb
Naxçıvan, 11 fevral, AZƏRTAC
Fevralın 10-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində sahibkarlarla görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin əsas məqsədi Naxçıvan Sənaye Parkı barədə sahibkarları ətraflı məlumatlandırmaq, parkın təqdim etdiyi investisiya imkanlarını, tətbiq olunan güzəşt mexanizmlərini və biznes perspektivlərini diqqətə çatdırmaq olub.
Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev muxtar respublikada sahibkarlığın inkişafı, sənayeləşmənin sürətləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Nazir Naxçıvan Sənaye Parkının regionda istehsalın genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və ixracyönümlü məhsul istehsalının təşviqi baxımından mühüm rol oynayacağını vurğulayıb.
Sonra çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov Agentliyin fəaliyyət istiqamətləri, investisiya təşviqləri, rezidentlər üçün yaradılan imkanlar və dövlət–özəl sektor tərəfdaşlığı mexanizmləri barədə ətraflı məlumat verib.
Sonda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Emil Hacıyev tərəfindən “Naxçıvan Sənaye Parkında biznes imkanları” mövzusunda təqdimat edilib. Təqdimatda, həmçinin rezidentlər üçün tətbiq edilən investisiya təşviqləri, vergi və gömrük güzəştləri, ixracyönümlü istehsalın stimullaşdırılması imkanları diqqətə çatdırılıb.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, sahibkarların sualları cavablandırılıb və Naxçıvan Sənaye Parkında fəaliyyət göstərmək niyyətində olan biznes subyektləri üçün maraq doğuran məsələlər müzakirə olunub.