Nazirlik: Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi həyata keçirilir
Bakı, 11 fevral, Günel Türksoy, AZƏRTAC
Qanunvericiliyə əsasən, dövlət əlilliyi olan şəxslərin fiziki mühitə, nəqliyyata, informasiya və rabitə xidmətlərinə digərləri ilə bərabər səviyyədə çıxışını təmin etmək üçün zəruri tədbirlər görür. Bu məqsədlə Nazirlər Kabinetinin təsdiq etdiyi “İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslər üçün ağlabatan uyğunlaşdırılması Qaydası”na əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə və təşkilatlar tabeliklərində olan yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial infrastruktur obyektlərini əlilliyi olan şəxslər üçün uyğunlaşdırmalıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ağlabatan uyğunlaşdırmanın rəqəmsal həllər üzərindən aparılması mexanizmini həyata keçirir. Belə ki, əlilliyi olan şəxslər və onların qanuni nümayəndələri (habelə qeyri-hökumət təşkilatları) ağlabatan uyğunlaşdırma ilə bağlı müraciətlərini nazirliyin “e-sosial” internet portalında şəxsi kabinetə daxil olmaqla elektron formada təqdim edə bilirlər. Müraciətlərdə şəxsin əlilliyinə dair məlumatlar və obyekt üzrə ehtiyac olan ağlabatan uyğunlaşdırma tədbirləri göstərilir.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, daxil olan müraciətlər nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə avtomatik olaraq uyğunlaşdırılması tələb edilən obyektin aid olduğu təşkilatın şəxsi kabinetinə yönləndirilir və müvafiq tədbirlər görülür.
Bununla yanaşı, nazirlik tərəfindən əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi həyata keçirilir. Monitorinqin məqsədi bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi, çatışmazlıqların və həyata keçiriləcək dövlət siyasəti istiqamətlərinin və tədbirlərin müəyyən edilməsidir. Monitorinq müyəssərlik, inklüzivlik, əlilliyə görə ayrı-seçkilik və ağlabatan uyğunlaşma istiqamətləri üzrə aparılır.
Bildirilib ki, əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi ilə bağlı aidiyyəti məsələlər nazirlik tərəfindən daim diqqətdə saxlanılır.