Arzu Nağıyev: Azərbaycan-Gürcüstan əlaqələri regionda sabitlik və strateji əməkdaşlığın əsas sütunudur
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan–Gürcüstan münasibətlərinin hazırkı mərhələsi yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasında əsas dayaqlardan biridir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, son dövrlərdə qarşılıqlı səfərlərin intensivləşməsi və yüksəksəviyyəli siyasi dialoq ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə imkan yaradıb. Bu görüşlər çərçivəsində regional təhlükəsizlik arxitekturası, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və nəqliyyat-kommunikasiya xətlərinin inkişafı kimi məsələlər geniş şəkildə müzakirə olunub.
“Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq yeni mərhələyə daxil olur və bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət daşıyır. Qaz ixracının artırılması üçün mövcud infrastrukturun modernləşdirilməsi, Bakı–Tbilisi qaz kəmərinin ötürücülük gücünün genişləndirilməsi və yeni enerji marşrutlarının araşdırılması prioritet istiqamətlərdəndir. Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya mühitinin daha da yaxşılaşdırılması və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi xüsusi diqqət mərkəzindədir. Hazırda təxminən 1 milyard dollar səviyyəsində olan ticarət dövriyyəsinin artırılması üçün konkret addımların atılması, birgə sənaye parklarının yaradılması və logistika mərkəzlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir”, - deyə komitə sədri əlavə edib.
Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa toxunan Arzu Nağıyev qeyd edib ki, müasir dövrdə qarşıya çıxan yeni çağırışlar, o cümlədən transmilli təhdidlər, kiberhücumlar və sərhəd təhlükəsizliyi məsələləri ölkələr arasında daha sıx koordinasiyanı zəruri edir. Onun sözlərinə görə, bu baxımdan, birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə NATO standartlarına uyğunlaşma istiqamətində atılan addımlar da diqqət mərkəzindədir: “Parlament diplomatiyası da ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır: “Qanunverici orqanlar arasında əməkdaşlığın gücləndirilməsi, deputatların qarşılıqlı səfərləri və beynəlxalq parlament platformalarında birgə fəaliyyət ölkələr arasında siyasi etimadı daha da möhkəmləndirir. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının və ekspert icmasının bu proseslərə cəlb olunması əməkdaşlığın dayanıqlığını artırır. Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi, birgə regional layihələrin effektiv koordinasiyası və qarşılıqlı dəstəyin davam etdirilməsi Cənubi Qafqazda uzunmüddətli sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunmasına xidmət edəcək”.
Müxbir-Vüqar Qurbanoğlu