“ASAN xidmət” mərkəzlərində “Ekoşam ağacları” layihəsi davam edir
Bakı, 23 dekabr, AZƏRTAC
“ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” ekoloji proqramı tərəfindən reallaşdırılan “Ekoşam ağacı” sərgi-müsabiqəsi açıq elan edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, layihə çərçivəsində Yeni il ərəfəsində ənənəvi olaraq Bakı və regional “ASAN xidmət” mərkəzlərində ASAN könüllüləri tərəfindən kağız və ya müxtəlif tullantılardan şam ağacları hazırlanır. Təqdimat çərçivəsində bir ay ərzində mərkəzlərdə “Ekoşam ağacları” sərgilənir və müxtəlif nominasiyalar üzrə “ASAN xidmət” mərkəzlərinin komandaları təltif olunur.
2021-ci ilin ekoşam ağacları ilə tanış olmaq üçün yanvarın 14-nə qədər Bakı və regionlarda yerləşən “ASAN xidmət” mərkəzlərini ziyarət etmək mümkündür.
“Ekoşam ağacı” layihəsi 2016-cı ildən başlayaraq hər il Bakı və regional “ASAN xidmət” mərkəzlərində gerçəkləşir.