“ASAN xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar olub
Biləsuvar, 18 fevral, Mahir Babayev, AZƏRTAC
“ASAN xidmət” mərkəzinin hər cür avadanlıqla təchiz olunmuş səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar şəhəri olub. Biləsuvar və ətraf rayonların sakinləri fevralın 1-dən “ASAN xidmət” tərəfindən təqdim olunan 10-na yaxın xidmətdən istifadə edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, on beş gün ərzində 3750 nəfərdən çox bölgə sakini göstərilən xidmətlərdən faydalanıb. Sakinlər “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaşlıq pasportlarının alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.
Biləsuvar səyyar “ASAN xidmət”nin əməkdaşı Tərlan Mirhəsənli bildirib ki, Biləsuvar və ətraf rayonların sakinləri martın 2-dək səyyar xidmətdən yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən göstərilən xidmətlər daxildir. Sakinlərə, həmçinin tərcümə və qan analizi kimi yardımçı xidmətlər də göstərilir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovatik üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.