İQTİSADİYYAT
ASC səhmdarlarına ödənilən dividend vergiyə cəlb edilirmi?
Bakı, 28 oktyabr, AZƏRTAC
Açıq Səhmdar Cəmiyyətinin (ASC) fiziki şəxs olan səhmdarlarına ödənilən dividenddən vergi tutulurmu?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.
Qeyd olunanlara əsasən, səhmdar cəmiyyətləri tərəfindən 2016-cı ilin fevralın 1-dən sonrakı dövrlər üzrə əldə edilmiş mənfəətdən səhmdar fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividendlərdən ödəmə mənbəyində vergi tutulmur.
Eyni zamanda, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirləri gəlir vergisindən azaddır.