Aşihara karate növü üzrə Göygöl birinciliyi keçirilib
Göygöl, 3 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Göygöl rayonu üzrə gənclər və idman sektorunun və Göygöl rayon Aşihara Karate Klubunun birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında aşihara karate növü üzrə Göygöl rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın açılış mərasimində Göygöl rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi İqbal Musazadə və Göygöl Aşihara Karate Klubunun rəhbəri Cavid Əsgərov çıxış edərək, 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününün yaranma tarixindən, ölkəmizdə idmana göstərilən dövlət qayğısından söz açıb, tədbirin keçirilməsində əsas məqsədin istedadlı idmançıların aşkar edilməsi, aşihara karate idman növünə marağın artırılması olduğunu diqqətə çatdırıblar.
Sonda birinciliyin qalibləri diplom və medalla təltif olunublar.