AŞPA KOMİTƏLƏRİNİN İCLASLARINDA
Yanvarın 9-da Parisdə Avropa Şurası Parlament Assambleyasının ətraf mühit, kənd təsərrüfatı, məhəlli və regional məsələlər komitəsinin növbəti iclası keçirilmişdir. İclasda qloballaşdırma və davamlı inkişaf, ətraf mühit və insan hüquqları, Avropa Birliyinin genişlənməsi, kənd təsərrüfatının inkişafı və digər məsələlər barədə müzakirələr olmuşdur.
AZƏRTAC-ın müxbirinin aldığı məlumata görə, Milli Məclisin deputatı Rəfael Hüseynov ətraf mühit və insan hüquqları məsələsinin müzakirəsi zamanı Azərbaycanın Avropa Şurasına üzv qəbul edildiyi vaxtdan bəri hazırlanmış 20 sənəddən 5-nin məhz bu məsələyə həsr olunduğunu, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın və ona bitişik 7 rayonun ərazisində ekologiyanın pozulması barədə müfəssəl məlumatların əks edildiyi sənədlərin Avropa Şurasına təqdim edildiyini bildirmişdir. Ermənistan atom elektrik stansiyasının ətraf mühit və insan həyatı üçün ciddi təhlükə yaratdığını xatırladan deputat demişdir ki, bu barədə xüsusi sənəd hazırlanıb katibliyə verilmişdir. Həmin sənədi imzalayan deputatlar bu məsələdə azərbaycanlı həmkarları ilə eyni fikirdə olduqlarını nümayiş etdirmişlər.
Hüquq məsələləri və insan hüquqları komitəsinin yanvarın 10-da keçirilmiş iclasında üzv dövlətlərdə işarə dili, Avropada siyasi məhbuslar, ombudsman təsisatı, milli azlıqların hüquqları və Avropa məhkəməsinə hakimlərin seçilməsi kimi məsələlər müzakirəyə çıxarılmışdır. Avropada siyasi məhbuslarla bağlı deputat Corc Klerfaytın məruzəsindən sonra ekspertlər qrupunun rəhbəri Stefan Treksler çıxış edərək, AŞPA-nın siyasi məhbuslarla bağlı meyarları Avropa ölkələrinə də tətbiq etmək niyyətini açıqlamışdır.
Litvalı deputatın milli azlıqların hüquqlarına dair məruzəsi qızğın müzakirə doğurmuşdur. Milli Məclisin deputatları Gültəkin Hacıyeva və Rəfael Hüseynov Ermənistanla bağlı bir sıra vacib məsələlərin məruzədə əks olunmamasına öz etirazlarını bildirmişlər.
İclasdan sonra məruzəçi ilə görüşən deputatlarımız Ermənistanda milli azlıqlara, o cümlədən doğma yerlərindən çıxarılmış azərbaycanlılara qarşı törədilmiş haqsızlıqlarla bağlı məqamların məruzədə əksini tapmadığını onun nəzərinə çatdırmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris