AŞPA-NIN PAYIZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 29-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlamışdır.
Sessiyadan əvvəl ənənəvi olara qurumun bürosunda ayrı-ayrı siyası qrup və komitələrində yığıncaq keçirilmişdir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov büro iclası ilə bağlı məlumatında bildirmişdir ki, büroda qurumun Azərbaycanda olmuş seçkiqabağı missiyasının səfərinə dair sənəd yayılmışdır. Sənəddə Azərbaycanda keçiriləcək seçkilərə yüksək hazırlıq görüldüyü, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərdə Venesiya Komissiyasının tövsiyələrinin əksinin tapması qeyd olunmuşdur.
Azərbaycan nümayəndə heyəti qrup və komitələrin yığıncaqlarında müzakirə olunmuş məsələlərə Azərbaycanın mövqeini bildirmişlər.
Payız sessiyasını açmış AŞPA sədri Luis Maria de Puç sessiyalararası müddətdə görülmuş işlərdən söhbət açmış, iyulun əvvəllərində Cənubi Qafqaz bölgəsinə səfərinə toxunmuş, Azərbaycanda demokratiyanın inkişafı və insan hüquqların təminatı sahəsində diqqətəlayiq irəliləyişlər olduğunu xüsusi vurğulamış, Avropa Şurasına üzv olan Gürcüstan və Rusiya arasında yaranmış münaqişənin qurumu ciddi narahat etdiyini və bu masələnin növbədənkənar senyabrın 30-da və oktyabrın 2-də müzakirə olunacağını qeyd etmişdir.
Sədr sessiyanın gündəliyini deputatların nəzərinə çatdırmışdır. Parlamentarilər sessiyanın gedişi zamanı Avropa İnsan Hüquqları Məhkəməsinə Lüksemburqdan namizədin seçilməsini, Bosniya və Herseqovinanın, Serbiyanın Avropa Şurası qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsinin vəziyyətini, Serbiyada etnik qrupların vəziyyəti, qadınlara qarşı zorakılq və belə hallara qarşı mübarizə, demokratiyada mətbuat üçün indikatorlar və digər məsələləri müzakirə edəcəklər.
Günün ikinci yarısında BMT-nin sivilizasiyalar üzrə yüksək rütbəli nümayəndəsi Çorc Sampaio ölkələrin yaxınlaşmasında sivilizasiyalararası dialoqun aparılmasının əhəmiyyətindən danışmış, Avropa Şurasının regional və yerli hakimiyyət konqresinin sədri Yavuz Mildon regionların inkişafında bələdiyyələrin rolundan bəhs etmişdir.