AŞPA-nın sessiyasında Azərbaycanda QHT-lərin fəaliyyəti üçün yaradılan şəraitdən danışılıb
Strasburq, 27 iyun, AZƏRTAC
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkədə çoxlu sayda qeyri-hökumət təşkilatı yarandı. Hazırda böyük sayda QHT Azərbaycanın ictimai həyatının bir çox sahələrində fəaliyyət göstərir. Azərbaycan QHT-ləri vətəndaş cəmiyyətinin təməli kimi formalaşıb. Onlar ictimai nəzarət funksiyasını uğurlu şəkildə həyata keçirir.
Bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində lüksemburqlu deputat İv Kruştenin “Avropa Şurasına üzv dövlətlərdə QHT-lərin fəaliyyətində yeni məhdudiyyətlər” adlı hesabatının müzakirələri zamanı nümayəndə heyətimizin üzvü Elşad Həsənov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan hökuməti QHT-lərin dəstəklənməsi işinə xüsusi diqqət yetirir. O, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında məlumat verərək, hökumətin QHT-lərə və onların müxtəlif layihələrinə böyük həcmdə yardım göstərdiyini vurğulayıb.
E.Həsənov QHT-lərin iş keyfiyyəti və standartları istiqamətində inkişafdan da söz açıb. O, şəffaflıq və hesabatlılığın QHT-lərin gələcək fəaliyyətinin təmini baxımından vacib şərt olduğunu vurğulayıb. Deputat QHT-lərlə bağlı milli qanunvericiliyin tələblərinin beynəlxalq standartlara cavab verdiyini söyləyib.
Nümayəndə heyətinin üzvü, həmçinin Avropa ölkələrinin birində xaricdən maliyyələşməni məhdudlaşdıran qanun qəbul edilməsindən, həmin qanunun xaricdən maliyyə alan yerli milli azlıqların təşkilatlarına şamil edilməsindən söz açıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq